Məşhur Hollivud aktyoru Corc Kluninin həyat yoldaşı Trampa görə ABŞ-yə buraxılmaya bilər

Məşhur Hollivud aktyoru Corc Kluninin həyat yoldaşı, tanınmış hüquqşünas Amal Kluni Prezident Donald Trampın yeni sərəncamı səbəbindən ABŞ-yə giriş qadağası ilə üzləşə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "People" nəşri məlumat verib.

Qeyd edək ki, bu ilin fevralında Tramp ABŞ-nin müttəfiqlərinə yönəlmiş təhqiqatlarda iştirak edən şəxslərə qarşı sanksiyaların tətbiqinə icazə verən sərəncam imzalayıb.

"Financial Times"ın Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bir neçə vəkil, o cümlədən Amal Kluni də bu qanunun təsirinə məruz qala bilər. Belə ki, Amal Kluni Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın həbsi üçün verilmiş orderlərin hazırlanmasında iştirak edib.

Əslən Livandan olan Amal iki yaşında olduğu zaman ailəsi ilə birlikdə Böyük Britaniyaya köçüb və daha sonra orada Oksford Universitetini fərqlənmə diplomu ilə bitirib. ABŞ vətəndaşlığının olmamasına baxmayaraq, 2002-ci ildə o, Nyu-York Vəkillər Kollegiyasına qəbul edilib və bu da ona ABŞ-də vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ verib. 2014-cü ilin sentyabrında Amal Corc Kluni ilə ailə qurub və cütlük indi yeddiyaşlı Aleksandr və Ella adlı əkizləri böyüdür.

Daha çox xəbər



Şərh yaz