Auditorlar Palatasının mənimsəmədə təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hakim heyətinin tərkibində dəyişiklik olduğundan məhkəmə istintaqının yenilənməsi ilə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, hakim Kamran Muxtarov yeni təyinatla Sumqayıt Apellyasiya Məhkəməsinə təyin olunduğundan digər hakim Roman Ələkbərli yeni tərkibə daxil olub.
Sözügedən cinayət işinə görə Auditorlar Palatasının Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi Vəli Rəhimov, həmin idarənin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Maliyyə və təşkilati-texniki təminat idarəsinin mühasibi Fəridə Novruzova təqsirləndirilirlər. Onlar barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Proses zamanı təqsirləndirilənlərin ifadələrindən bəlli olub ki, məhkəmə istintaqı ərzində təqsirləndirilənlərdən Vəli Rəhimov dəymiş zərərdən 147 000, Gövhər Əhmədova 17 000, digər təqsirləndirilən Fəridə Novruzova isə 8 300 AZN-i palatanın hesabına ödəyiblər.
Növbəti proses mayın 15-nə təyin edilib.
İttihama görə, 2018-ci ildən başlayaraq maliyyə hesablamaları, maliyyə uçotları, sığorta ödənişləri, vergi ödənişləri, mal-materialların siyahılaşdırılması zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ödəniş cədvəllərində, illik hesabatlarda öz qohumları adına onların xəbəri olmadan "Azərbaycan Beynəlxalq Bankı"nda kart hesabı açılıb və həmin karta pul köçürülmələri edilib. Daha sonra həmin kartlara köçürülən, ümumilikdə, 717 min 311 manat məbləğ nağdlaşdırma yolu ilə mənimsənilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.
İş üzrə zərərçəkmiş şəxs kimi Azərbaycan Respublikası Auditorlar Palatası tanınıb.
Elgün Həsənli